Dekabrın 18-dən etibarən Rusiya Federasiyası Açıq səma sazişində iştirakını dayandırıb.
NUHÇIXAN İnformasiya Agentliyi “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, Rusiya artıq NATO müttəfiqlərinin ərazisi üzərində müşahidə uçuşları həyata keçirə bilməyəcək. Moskva həmin ərazilərdə yerləşən hərbi obyektlər barədə məlumatı yalnız peyklər vasitəsilə əldə edəcək.
Vyana danışıqlarında RF-nin hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov “İzvestiya” qəzetinə verdiyi müsahibədə Moskvanın müqaviləni qorumaq üçün səyləri əsirgəməyərək ABŞ administrasiyasına Açıq səma sazişinə qayıtmaq imkanı verdiyini vurğulayıb.
Açıq səma sazişi hərbi sahədə Rusiyanın iştirak etdiyi və ABŞ-ın çıxdığı ikinci müqavilədir. Bundan əvvəl 2019-cu ildə Vaşinqton orta və qısa mənzilli raketlərin ləğvi haqqında sazişdən çıxaraq Rusiyanı müqaviləni pozmaqda ittiham etmişdi. Həmin dövrdə ABŞ-ın dövlət katibi vəzifəsində çalışan Mayk Pompeo Moskvanın Açıq səma sazişi çərçivəsində əldə etdiyi məlumatlardan silahlarını ABŞ-ın və NATO-nun Avropadakı üzvlərinin infrastruktur obyektlərinə yönəltmək üçün istifadə etdiyini deyib. Moskva isə öz növbəsində Vaşinqtonun bütün ittihamlarını rədd edib.
Xatırladaq ki, 1992-ci il martın 24-də imzalanan Açıq səma sazişi iştirakçı dövlətlərin hava məkanında silahsız kəşfiyyat təyyarələrinin sərbəst uçuşuna icazə verən çoxtərəfli beynəlxalq müqavilədir.