Dekabrın 23-də gecə saat 01:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında insident baş verib, xəsarət alanlar var.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-inə istinadla xəbər verir ki, bu barədə Xocavənd rayonu ərazisindəki mənbələrdən məlumat verilib.
Yemişcan yaşayış məntəqəsi istiqamətində spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşən Ermənistandan gəlmiş “könüllülər” ilə qarabağlı ermənilər arasında baş verən mübahisə sonradan kütləvi davaya çevrilib. Qanunsuz silahlı dəstənin üzvləri Qor Akopyan və Samvel Minasyan insident zamanı küt və kəsici alətlərdən aldığı zərbələr nəticəsində ağır bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb.
Xəbərdə o da bildirilir ki, qanunsuz erməni silahlı dəstələrinin son vaxtlar narkotik maddə və spirtli içkilər qəbul etmə, qumar oynamaq kimi vərdişlərə aludə olan üzvləri arasında belə münaqişələrin sayı xeyli çoxalıb.