Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ilin yekunlarına dair mətbuat konfransında iqtidarı tənqid edib. O deyib ki, hakimiyyət ABŞ-ın təşkil etdiyi “Demokratiya naminə sammit”də iştirak edərək Rusiya ilə münasibətləri riskə atmamalı idi.
Köçəryanın sözlərinə görə, Baydenin dəvəti ilə sammitə qatılan baş nazir Nikol Paşinyan hələ də Ermənistan hakimiyyətinin xarici siyasətinin nə istiqamətini, nə də məntiqini başa düşmür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eks-prezident Türkiyənin regiona daxil olmasına da məyusluğunu gizlətməyib.
- Aydın məsələdir ki, bu anti-Rusiya və anti-Çin proqramdır. Biz burada nə itirdik? Hanısa 3 dəqiqəlik anlaşılmaz və mənasız çıxış üçün strateji tərəfdaşımıza, sərhədlərimizin təhlükəsizliyini təmin edən Rusiyaya qarşı yönəlmiş formata daxil olduq, - Köçəryan deyib.
Onun sözlərinə görə, indi Rusiyanı bölgədən sıxışdırmağa, regiona təsirlərini azaltmağa çalışırlar. Moskva isə Bakıya təsirini saxlamaq üçün uzun müddət Ermənistan və Azərbaycanla bərabər məsafə saxlamağa çalışırdı. Müharibədən sonra Cənubi Qafqazda vəziyyət dəyişdi. Belə hesab etmək olar ki, region yenidən formatlaşdırılır. Türkiyə-Azərbaycan tandemi formalaşıb və yeni element meydana çıxdığından Rusiya üçün çətinliklər yaranıb.
- Ancaq biz Rusiyadan tələb edə bilmərik ki, onlar bizdən çox erməni olsunlar. Biz müttəfiq olaraq regionda statusumuzu itirməməliydik. Ən "effektiv" orduya malik ölkə statusunu itirmişik. Hər an müdafiəyə ehtiyacımız var. Bu, bizim çəkimizin azaldığını göstərir, - Köçəryan gileylənib.
O qeyd edib ki, belə bir fonda İrəvan bəzi anlaşılmaz formatlara daxil edilib. Eyni zamanda, Köçəryan xatırladıb ki, onun prezidentliyi dövründə ölkə bir-birini tamamlayan siyasət aparıb, ABŞ və Aİ ilə münasibətlər indikindən qat-qat yaxşı olub.