Türkiyədə Anadolu ilə Qafqaz bölgəsi arasında nəqliyyat əlaqələrini asanlaşdıran tunel istifadəyə verilib
Türkiyənin Ərzurum-Artvin avtomagistralının üstündə yerləşən Pirinkayalar tunelinin açılışı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfransla tunelin açılışında iştirak edib.
Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu Türkiyə dövlət başçısına yeni tunelin imkanları barədə geniş məlumat verib.
Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında diqqətə çatdırıb ki, uzunluğu 2 min 272 metr olan tunel daxil olmaqla ətraf yol qovşaqları ilə birlikdə 3.4 kilometr yolu əhatə edən layihə Türkiyənin avtomagistralları arasında mühüm birləşdirici imkana malikdir. Bu tunel ölkənin şərq və cənub-şərq bölgələrində nəqliyyatın təhlükəsiz və sürətli hərəkətini təmin edəcək.
Dövlət başçısı diqqətə çatdırıb ki, Ərzurum və Artvin hava limanlarını bir-birinə bağlayan Pirinkayalar tuneli, eyni zamanda hər iki şəhərdən Qafqaz bölgəsinə olan tranzit daşımaların artmasına əhəmiyyətli təkan verəcək.