ABŞ-ın “Tesla” şirkəti təhlükəsizliklə əlaqədar yarana biləcək problemlərə görə 470 mindən çox elektromobilini geri çağırır.
NUHÇIXAN İnformasiya Agentliyi Yaponiya KİV-inə istinadla xəbər verir ki, bu, şirkət tarixində elektromobillərin ən çox miqdarda geri çağırılması faktıdır. Bildirilir ki, şirkət ABŞ Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə bununla bağlı müraciəti dekabrın 30-da göndərib.
Qeyd edilir ki, çağırış 2014-cü ilin sentyabrından 2020-ci ilin dekabrınadək buraxılan “Model S” və 2017-ci ilin sentyabrından 2020-ci ilin sentyabrınadək istehsal edilən “Model 3” avtomobillərinə şamil edilir.
Həmçinin avtomobillərdə aşkar edilən problemlərlə əlaqədar ötən dövrdə yol-nəqliyyat hadisəsinin baş vermədiyi də bildirilir.
Bununla yanaşı, idarə tərəfindən “Tesla” avtomobillərində sürücüyə yardım sistemində yaranan problemlə bağlı baş vermiş qəzaların araşdırıldığı da qeyd edilir. Bu texnologiyanın sürəti və yoldakı vəziyyətə uyğun olaraq hərəkəti tənzimlədiyi bildirilir.