BƏƏ-də Ras Əl Xayma atəşfəşanlığı “Ginnesin rekordlar kitabı”na düşüb - FOTOLAR
Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Xayma əmirliyində keçirilən Yeni il şənliyi zamanı möhtəşəm atəşfəşanlıq iki göstərici üzrə “Ginnesin rekordlar kitabı”na düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dünyanın hər yerindən yüz minlərlə tamaşaçının izlədiyi və Ərəb körfəzindən başlayan atəşfəşanlıq 4,7 kilometrdən çox ərazini əhatə edib. Təşkilatçılar 15 mindən dən çox effektli innovativ pirotexniki drondan istifadə ediblər. Təqribən 12 dəqiqə ərzində epik orkestrin müşayiəti ilə işıqlar və simfonik musiqi izləyicilərə xüsusi zövq bəxş edib. Atəşfəşanlığın sonunda 452 dron vasitəsilə səmada “Yeni iliniz mübarək” yazılmış işıq lövhələri peyda olub. Bu möhtəşəm tamaşa 1055 metr (1 kilometrdən çox) yüksəklikdə baş verib və beləliklə, “Ginnesin rekordlar kitabı”na düşüb. İkinci rekord göstərici isə dünyanın bütün göydələnlərindən hündür olan süni atəşfəşanlıq qülləsi olub.
Bu möhtəşəm atəşfəşanlığa hazırlıq işləri 5 min saatdan çox davam edib və 130-dan artıq dəniz pontonundan (suda üzən körpü) istifadə edilib.