Ötən il dünyada 45 media əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) yekun hesabatında bildirilib. Məlumata görə, Asiya-Sakit okean regionunda 20, Amerika qitəsində 10, Afrikada səkkiz, Avropada altı, Yaxın Şərq və ərəb dünyasında bir jurnalist öldürülüb. İranda iki media işçisi bədbəxt hadisə nəticəsində həlak olub.
Media nümayəndələrinin ən çox qətli Əfqanıstanda (doqquz hadisə) və Meksikada (səkkiz nəfər ölüb) baş verib. Hindistanda dörd, Pakistanda isə üç jurnalist öldürülüb. IFJ-nin məlumatına görə, 33 jurnalist məqsədli hücumların hədəfinə çevrilib.
Bununla belə, hesabata görə, bu göstəricilər IFJ-nin son illərdə qeydə aldığı ən aşağı göstəricilər sırasındadır.
Yeri gəlmişkən xatırladaq ki, 2021-ci ilin iyunun 4-də xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov şəhid olub. Prezident İlham Əliyev iyunun 14-də imzaladığı sərəncama əsəsən onlar ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.