Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yeni baş katibi seçilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kartelin növbəti baş katibi küveytli neft eksperti Haytam al-Qais olacaq. Bu barədə qərar OPEC Konfransının xüsusi iclasında qəbul edilib.
Beynəlxalq qurumun rəsmi saytında yer alan məlumatda bildirilir ki, OPEC Nizamnaməsinin 28-ci maddəsinə uyğun olaraq, Konfrans Hayta al-Qaisi yekdilliklə təşkilatın baş katibi seçib və o, bu il avqustun 1-dən etibarən üç il müddətinə bu vəzifəni tutacaq.
2016-cı ildən təşkilatın baş katibi olan və qaydalara əsasən növbəti müddət üçün namizədliyini irəli sürmək hüququna malik olmayan nigeriyalı Məhəmməd Sanusi Barkindonun fəaliyyəti Konfrans tərəfindən yüksək qiymətləndirilib. Onun rəhbərliyi dövründə OPEC və qeyri-OPEC ölkələri arasında tarixi əhəmiyyətə malik olan və OPEC+ adlanan alyans qurmaq mümkün olub. Eyni zamanda M. Barkindo koronavirus pandemiyası ilə əlaqədar xam neftin qiymətinin kəskin ucuzlaşmasından sonra qlobal neft bazarında tarazlığa nail olunması və qiymətin sabitləşməsinə böyük töhfə verib.
Qeyd edək ki, uzun illərdən bəri Küveyt Neft Korporasiyasında (Kuwait Petroleum Corporation) çalışan və hazırda həmin şirkətdə beynəlxalq marketinq üzrə icraçı direktorun müavini olan H. al-Qais 2021-ci ilin yayınadək OPEC ekspertlər qremiyasına üzv olub. Baş katib kimi onun səlahiyyət müddəti üç ildir və həmin müddət başa çatdıqdan sonra daha üç illik dövr üçün namizədliyini irəli sürmək hüququna malikdir.