Qazaxıstanda iğtişaşlar nəticəsində ölkəyə ən azı 44 milyard tenqe (təxminən 100 milyon dollar) zərər dəyib.
NUHÇIXAN İnformasiya Agentliyi Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə respublikanın Milli Sahibkarlar Palatasının bəyanatında deyilir.
Məlumata görə, zərərin böyük hissəsi – 43,5 milyard tenqe Almatı şəhərinin payına düşür. Şəhərdə əsasən ticarət, ictimai iaşə, nəqliyyat subyektləri, həmçinin xidmət sahələri və maliyyə sektoru zərər çəkib. Bununla yanaşı, bəzi obyektlər barədə məlumat əldə etmək mümkün olmadığı üçün bir çox sahibkarlara dəyən zərər hesablanmayıb.
Eyni zamanda Qazaxıstanın qərbində kəskin yanacaq qıtlığının yarandığı bildirilir. Yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb. Bəzi yerlərdə benzin talonla buraxılır.