"Ermənistan iqtisadiyyatının xilasına ümid var, lakin bunun üçün hökumət populist addımlardan əl çəkməli, kəmərləri sıxmalıdır". NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan yerli mediaya açıqlamasında deyib.
Dövlət maliyyəsinin idarə edilməsi üzrə beynəlxalq müşavir V.Aramyan 2021-ci ilin iqtisadi göstəricilərini və 2022-ci il üçün proqnozları təhlil edərkən bildirib ki, 2022-ci ildə Ermənistan həm sosial, həm də siyasi baxımdan ciddi problemlərlə üzləşəcək: "2020-ci böhran ilindən sonra gələn 2021-ci ilin hamı, hətta inkişaf etmiş ölkələr üçün çətin olduğunu kimsə inkar etmir. Lakin iqtisadi tənəzzül Ermənistanda həm Aİİ ölkələri, həm də region ölkələri arasında ən dərindir. “Təəssüf ki, 2022-ci ildə makroiqtisadi canlanma natamam olacaq. 2020-ci ildəki 7,4% iqtisadi geriləmədən sonra bizdə iqtisadi artım xeyli aşağıdır. Ən azı 7%-ə yaxınlaşa biləcəyimizlə bağlı proqnozlar fantaziya janrındandır”.
V.Aramyanın fikrincə, Ermənistan hökuməti xalqın rəğbətini qazanmaq üçün populist addımlar ataraq, ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdırıb: "Söhbət 2022-ci il yanvarın 1-dən artan pensiya və müavinətlərdən gedir. Mən burada ciddi risklər görürəm. Bu öhdəliyi götürəndə ixtisar demək olar ki, mümkün deyil. Siz sadəcə olaraq babalarınıza, nənələrinizə deyə bilməzsiniz ki, mən yanılmışam, iqtisadi vəziyyətin pensiyalarınızı artırmağa imkan vermədiyini qabaqcadan görməmişəm. Mən çox yaxşı başa düşürəm ki, bu, inflyasiyanın fonunda xalqa qarşı edilir. Yalnız bu gün ölkəmizdə ərzaq məhsullarının bahalaşması 20%-ə çatıb və bu, istər-istəməz sosial partlayışa gətirib çıxaracaq. Ancaq düzgün addımlar ardıcıllığı var. İqtisadiyyatın sütunlarını qurmadan sosial məsələlərin həllinə getmək qətiyyən yanlışdır, çünki bu il məsələni həll edəcəksiniz, gələn il isə daha böyük problem yaradacaqsınız”.
Aramyan Ermənistan iqtisadiyyatının hazırkı vəziyyətini təcili yardıma ehtiyacı olan xəstə ilə müqayisə edib: "Sağalmaq üçün hələ də ümid var. Amma bunun üçün hakimiyyət populist addımlardan, xərcləmələrdən əl çəkməli, kəmərini sıxmağı bacarmalı və ilk növbədə bunu özündən başlamalıdır. Hökumət özünü necə doğrultsa da, bizdə iqtisadi aktivliyin 5%-lik göstəricisi olduğunu bəyan etsə də, mən iki amili səsləndirəcəyəm. Xahiş edirəm unutmayın ki, siz artımdan qat-qat dərin tənəzzül keçirmisiniz, ikincisi, struktura baxın, iqtisadiyyatınız necə inkişaf edir? Biz əsasən ekzogen hadisələr hesabına ayaq üstə dururuq. Bu, transfertlərin axını və misin dünya bazarındakı qiymətlərində yüksək artımın baş verməsi hesabına olur. Bunlar iqtisadi aktivliyin az-çox yüksək göstəricilərinə səbəb olan iki amildir”.
Eks-nazir hökumətin təqdim etdiyi investisiyaların həcmini də “fantaziya janrı” hesab edərək, 2021-ci ildə birbaşa xarici investisiyaların 42 milyard dram təşkil etdiyini xatırladıb. Üstəlik, onların əksəriyyətinin dağ-mədən sənayesinə yönəldildiyini bildirib: “Dağ-mədən sektorunda çoxlu sayda qeyri-rezident investorlar il ərzində dividend şəklində mənfəət əldə edərək, onları ölkədən çıxarırlar. Statistika bunu birbaşa investisiya axını və eyni zamanda gəlirin xaricə axını kimi qeyd edir. İqtisadiyyata təsiri sıfırdır. Sadəcə olaraq, bizim birbaşa xarici investisiyalarımız yoxdur”.
İqtisadiyyata yönləndirilən ümumi investisiyalara gəlincə, 2021-ci ilin 9 ayının məlumatına görə, özəl investisiyaların artımı da praktiki olaraq sıfır, daha dəqiq desək, 0,3% təşkil edir. Mütəxəssis bunun səbəbini hakimiyyətin uğursuz addımlarında görür.
Xatırladaq ki, hökumətin qərarı ilə 2022-ci il yanvarın 1-dən minimum pensiya və müavinətlər 2000-3000 dram artırılıb. 2021-ci ilin yanvar-noyabr aylarında rəsmi məlumata görə, istehlak qiymətləri və ərzaq məhsullarının qiymətləri 20%-dən çox artıb.