Almatı şəhərindəki aeroport yanvarın 9-dək işləməyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi “Xabar-24” telekanalına istinadla xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl isə aeroportun fəaliyyətində yaranmış fasilənin yanvarın 7-si saat 21:00-dək davam edəcəyi bildirilmişdi.
Xatırladaq ki, yanvarın 5-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında etirazçıların Almatı şəhərindəki aeroportu və beş təyyarəni ələ keçirdiklərini bildirmişdi. Sonradan təhlükəsizlik qüvvələrinin şəhərdə keçirdiyi xüsusi əməliyyat nəticəsində hava limanı üzərində nəzarət bərpa olunub. Həmçinin respublikada vəziyyətin gərginləşməsi səbəbindən Aktobe və Aktau aeroportlarının da fəaliyyəti dayandırılıb.
Bir çox aviakompaniyalar təhlükəsizlik baxımından Qazaxıstana reysləri ləğv etsə də, Nur-Sultan aeroportu işləyir. “Xabar-24” telekanalının bu gün gündüz saatlarında yaydığı xəbərə görə, aviakompaniyalar 100-dən çox reysi ləğv ediblər, daha 15-ə yaxın reys isə ləngiyir. Nur-Sultandan bir neçə yerli istiqamətə, habelə Dubay və Moskvaya uçuşlar bərpa olunub.