2020-ci ilin martından bəri dünyanın 94 ölkəsində koronavirus səbəbindən azı 1940 jurnalist həyatını itirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Cenevrədə Press Emblem Campaign (PEC) qeyri-hökumət təşkilatı məlumat yayıb. Təşkilatın məlumatına görə, ən çox ölüm halı Braziliyada qeydə alınıb - 295 nəfər. İlk onluğa, həmçinin Hindistan (279), Peru (199), Meksika (122), Kolumbiya (79), Banqladeş (68), ABŞ (67), İtaliya (61), Venesuela (59) və Ekvador (51) daxildir.
Hesablamalar yerli KİV-dən, milli mətbuat assosiasiyalarından və təşkilatın regional nümayəndələrindən daxil olan məlumatlar əsasında aparılıb.
“Qurbanların həqiqi sayı, şübhəsiz ki, daha çoxdur. Çünki jurnalistlərin ölüm səbəbləri heç də həmişə müəyyənləşdirilməyib və ya elan olunmayıb. Bəzi ölkələrdə etibarlı informasiya yoxdur”, - deyə məlumatda bildirilir.