Baş verən proseslər ölkəni daha böyük problemlər bataqlığına sürükləyir
Müharibədə məğlubiyyətə uğramasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, sülh müqaviləsinin imzalanmasını uzatması Ermənistanın bir dövlət olaraq tənəzzülünü davam etdirməkdə, onun üzləşdiyi problemlərin miqyasını daha da artırmaqdadır. Baş nazir Nikol Paşinyanın vəziyyəti dəyişdirəcəyinə əvvəllər ümid edən sadə ermənilər artıq hansısa yeniliklərin olmamasından getdikcə daha açıq formada narazılıq edirlər.
İqtisadi vəziyyət fonunda isə Ermənistanın dövlət borcunun həcminin artaraq 4 trilyon 275 milyard dram (təxminən 8,9 milyard dollar) olması isə əhalinin gələcəyə nikbin baxmaq ümidlərini tamamilə puç edib.
Belə vəziyyətdə Paşinyanın reytinqinin sürətlə aşağı düşməsi müşahidə olunur və hətta fikirlər səslənir ki, bu gedişlə onun və komandasının hakimiyyətdən devriləcəyi istisna edilmir. Bu, ölkənin aparıcı sosial şəbəkə səhifələrinin xalq arasında keçirdiyi sorğu zamanı da məlum olub. Belə ki, “Gələcəyin xilası” adlı səhifənin apardığı sorğunun yekununda bəlli olub ki, Ermənistanda əhalinin yalnız 6 faizi hökumətə inanır. Sorğuya əsasən, cəmiyyətdə Paşinyan iqtidarına qarşı etimadsızlıq mövcuddur. Bildirilir ki, müharibədən sonra fərqli heç nə baş verməyib. Köhnə problemlər olduğu kimi qalır. Bu səbəbdən də əhali çıxış yolunu xaricdə axtarır.
Qeyd olunur ki, Ermənistan demoqrafik böhran səviyyəsinə çatıb və ölüm hallarının sayının doğum sayını üstələyəcəyi mərhələyə yaxınlaşır. “4rd.am” saytında yer alan araşdırma yazısında qeyd olunur ki, 1990-cı illərin nəsli 1980-ci illərdə anadan olanlara nisbətən 40 faiz azdır. Bu isə nikahların sayında və hazırda doğuş sayında öz əksini tapmaya bilməz. Bildirilir ki, ölkəni təhdid edən depopulyasiyanın başqa səbəbi odur ki, gənc kişilər evlənmək və ailəyə görə məsuliyyəti öz üzərilərinə götürmək istəmirlər: “1992-2002-ci illərdə bizdə doğuş hallarının azalması göstəricisi 60 faiz təşkil edib. Bu, postsovet ölkələrində ən yüksək göstərici idi. 10 il ərzində doğumların sayı 70 mindən 32 minə qədər azalmışdı. Demoqrafik strategiyanın yoxluğu 30 il ərzində vəziyyəti ağırlaşdırıb”.
Miqrasiyanın geniş vüsət almasına təsir göstərən ən əsas amillərdən biri kimi işsizlik problemi də dərinləşməkdə davam edir. Rəsmi məlumatlara görə, Ermənistanda işsizlik faizinin aşağı göstərilməsinə baxmayaraq, müstəqil ekspertlər, beynəlxalq qurumlar bunun reallıqdan çox uzaq olduğunu bildirirlər. Qeyd edirlər ki, işsizlik müavinətləri çox aşağı olduğundan əksər işsizlər qeydiyyatdan keçmirlər. Hesab olunur ki, Ermənistanda qalan əməkqabiliyyətli insanların yarıya qədəri işsizdir. Sözügedən kontekstdə erməni mediası belə bir maraqlı məqama da diqqət çəkir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, dövlət onları hələ qeydiyyatda saxlamaqda davam edir.
Tədqiqatlar göstərir ki, Ermənistan formal xarakterli müstəqilliyini əldə etdikdən sonra son 30 ildə ölkədən ən azı 1,5 milyondan artıq vətəndaş xaricə köçüb. Elə bu səbəbdən də sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda demoqrafiya məsələsi ölkənin birnömrəli probleminə çevrilib. Yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Ermənistan hökuməti bütün bu narahatlıqları rədd etsə də, cəmiyyət və ayrı-ayrı qurumlar mövcud durumdan ciddi təşviş keçirirlər.
Bütün bunların fonunda Ermənistanda kriminogen vəziyyət də ağırdır. Son bir ildə ölkədə cinayətlər 17 faiz artıb. Ağır cinayətlər 40 faiz təşkil edib. Ümumiyyətlə, 2021-ci il ərzində Ermənistanda 23 mindən çox cinayət qeydə alınıb. 2020-ci ilin analoji dövründə bu göstərici 18 min 988 olub. Ötən il 209 ağır cinayət törədilib. 2020-ci ildə bu rəqəm 161 olub. Odlu silahlar və döyüş sursatları ilə törədilən cinayətlərin də sayı artıb.
Göründüyü kimi, baş verən proseslər Ermənistanın daha böyük problemlər bataqlığına sürükləndiyini və ölkənin məhvinin qaçılmaz olduğunu göstərir.
Elçin Cəfərov
“Azərbaycan”