Ermənistanda ictimai –siyasi vəziyyət gərgindir

A- A A+

“Əgər Ermənistanda siyasi proseslər indiki kimi davam edərsə, bir neçə aydan sonra ölkədə daxili vəziyyət yenidən gərginləşəcək”.  Siyasi analitiklər bu qənatdədirlər. İşğalçı ölkədə klanlar arasında gərginlik pik  həddə çatıb. Etiraz aksiyları da səngimir.

Ermənistanda hadisələrin gedişi göstərir ki, Paşinyan hakimiyyəti üçün ölkəni idarə etmək asan deyil, hətta vəziyyət artıq nəzarətdən çıxıb.  “Jamanak” qəzeti “məxməri inqilab”dan sonra belə Ermənistanın geriyə addımlamaqda davam etdiyini yazır. İqtidarla müxalifət arasındakı münaqişə pik həddə çatıb. Buna əsas səbəb “Qarabağ klanı”nın “İrəvan klanı”na qarşı hərəkətə keçmək üçün səfərbər olması, Robert Köçəryan ətrafında qüvvələrini cəmləşdirməsidir. Bundan ehtiyat edən yeni hökumət sabiq prezidenti yenidən həbsə göndərməyə çalışır. Artıq Ermənistan Baş Prokurorluğu bununla bağlı Kassasiya Məhkəməsinə şikayət verib. Ermənistan baş prokurorunun məsləhətçisi Qor Abraamyanın sözlərinə görə, Baş Prokurorluğun kassasiya şikayəti təmin edilərsə, Köçəryan yenidən həbs olunacaq. Xatırladaq ki, sabiq prezidentə qarşı 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb. İttihamla o,  iyulun 28-də həbs edilib. Lakin avqustun 13-də Apelyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlığını əsas tutaraq, onunla bağlı İrəvan şəhər məhkəməsinin çıxardığı 2 aylıq həbs qətimkan qərarını ləğv edib. Bu isə Paşinyan hakimiyyətini narazı salıb və Köçəryanın həbsi üçün yenidən hərəkətə keçilib. Ermənistanın “Joxovurd” qəzeti yazır ki, həbsdən qaçmaq üçün Köçəryanın ölkəni tərk etməsi mümkündür. Çünki, ona qarşı heç bir məhdudiyyət tədbirləri görülməyib. Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın sözlərinə görə, Köçəryan ölkəni tərk etməyə çalışsa, bu, istintaqın aparılmasına mane olmaq, məhkəmə iclasını aparan qurumdan gizlənmək cəhdi kimi qiymətləndiriləcək və həbs qətiimkan tədbirindən istifadə ediləcək. Artıq 2008-ci il 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Köçəryanın villası və “Erebunu” mehmanxanasında yerləşən ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarış həyata keçirilib. Köçəryan isə Paşinyan iqtidarına qarşı hərəkətə keçməkdə israrlıdır və bir sıra üstünlüklərə də malikdir. Hesab edilir ki, o, Paşinyanın parlamentdəki mövqeyinin zəifliyindən istifadə etməyə çalışacaq. Artıq Respublika və “Daşnaksütyun” partiyaları Köçəryanı dəstəkləyir. Belə vəziyyət isə Baş nazirə qarşı impiçment prosedurunu başlatmağa imkan verir. İkinci amil Paşinyana qarşı olan Köçəryanın kifayət qədər maliyyə və media resursuna malik olmasıdır. Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq, administrativ resurs hələ onun xeyrinə deyil. Üstəlik ölkədə narazılıqlar səngimir. Qeyri-sabit vəziyyətin hökm sürdüyü Ermənistanda etirazlar davam edir. Lori vilayətində Amulsar dağ-mədən şirkətinin əməkdaşları ilə yerli sakinlər arasında dava düşüb. Polisin müdaxiləsi belə tərəfləri sakitləşdirməyib. Cermuk kəndinin sakinləri dağ-mədən şirkətindən ərazini tərk etməyi tələb ediblər. Səbəb müəssisənin ekologiyaya və ətraf aləmə vurduğu zərərdir. Etirazçılar iddia edirlər ki, dağ-mədən şirkəti kəndin ərazisində fəaliyyətə başlayandan sonra təbiət məhv olmağa başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: