Misir hökuməti yanvarın 10-13-də Şarm əl-Şeyx kurort şəhərində Prezident Əbdülfəttah əl-Sisinin himayəsi ilə keçiriləcək IV Dünya Gənclər Forumunda COVID-19 və “omikron” variantının qarşısını almaq məqsədilə robotlardan istifadə edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 197 ölkədən, o cümlədən Azərbaycandan gənclərin iştirak edəcəyi tədbirdə robotlar vasitəsilə iştirakçıların bədən hərarətinin ölçülməsi və iclasların sterilizasiyası həyata keçiriləcək. Bundan başqa, robotlar panel iclasları zamanı informasiyaları ötürəcək və fasilələrdə ərzaq təminatı məsələləri ilə məşğul olacaq.
Forumla bağlı yanvarın 7-də keçirilən mətbuat konfransında bildirilib ki, tədbirin gündəliyinə daxil edilmiş əsas məsələlərdən biri də COVID-19-a qarşı mübarizədir. Gənclər, həmçinin iqlim dəyişikliyi və onun nəticələri, bərpa olunan enerji, su təchizatı, qlobal sülh və təhlükəsizlik məsələlərini də müzakirə edəcəklər. Forumda Misirə gələ bilməyən ekspertlər üçün interaktiv virtual platforma da yaradılıb.