Norveç Kral Hərbi Hava Qüvvələri (HHQ) uzun illər istifadə etdiyi “Lockheed Martin F-16” qırıcılarını “Lockheed Martin F-35 Lightning II” tipli təyyarələrlə əvəzləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni təyyarələr 2022-ci ildən rəsmi olaraq Norveç hərbi aviasiyasının əsas qırıcıları kimi silahlanmaya daxil edilib.
Norveç Kral Hərbi Hava Qüvvələrinin yaydığı məlumata əsasən, 1980-ci ildən bəri HHQ-nin sərəncamında olan “F-16 AM/BM” tipli 57 təyyarə bundan sonra istifadədən çıxarılacaq və “F-35A” ilə əvəzlənəcək.
Bu ölkə 2015-ci ildə əvvəlcədən sifariş etdiyi 52 ədəd “F-35” təyyarəsinin ilk partiyasını təhvil almağa başlayıb. Sonuncu təyyarənin 2025-ci ildə çatdırılması planlaşdırılır.
Yeni təyyarələrdən artıq fəal istifadə olunur. Silahlı qüvvələrə məxsus iki “F-35A” qırıcısı hazırlıq və çevik reaksiya tapşırıqlarını yerinə yetirir.