Qazaxıstanda baş verən iğtişaşlarla əlaqədar 5,8 min nəfər saxlanılıb - FOTOLAR
Qazaxıstanda baş verən iğtişaşlarla əlaqədar 125 cinayət işi başlanıb. Polis orqanlarına 5,8 min nəfər gətirilib. Onların arasında xeyli sayda əcnəbi var.
NUHÇIXAN İnformasiya Agentliyi Qazaxıstanın Prezident administrasiyasının saytına istinadla xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilən operativ qərargahın iclasında məlumat verilib.
İclasda ölkənin Baş prokurorunun, Milli təhlükəsizlik komitəsinin və daxili işlər nazirinin səlahiyyətlərini icra edən şəxsin məruzələri dinlənilib. Məlumat verilib ki, respublikanın bütün rayonlarında vəziyyət sabitləşib, əməliyyat şəraiti nəzarətə alınıb. Hüquq-mühafizə orqanları və Silahlı Qüvvələr ölkədə asayişin və qanunçuluğun bərpası, bölgələrdə fövqəladə vəziyyət rejiminə riayət olunmasına nəzarət tədbirlərini davam etdirir. Terrorçuların yerinin müəyyənləşdirilməsi, onların saxlanılması, sübutların toplanması və sənədləşdirilməsi, müvafiq ekspertizanın aparılması istiqamətində əməliyyat tədbirləri fasiləsiz həyata keçirilir.
Prezident Kasım-Jomart Tokayev təhlükəsizlik qüvvələrinin ölkədə ictimai asayişin və təhlükəsizliyin tam bərpası üçün bütün lazımi tədbirləri görəcəyini bildirib, iğtişaşların nəticələrinin aradan qaldırılması üzrə Hökumət Komissiyasının yaradılmasını tapşırıb.
İclasda Almatıda və digər bölgələrdə inzibati binaların, sosial və kommunal obyektlərin bərpası ilə bağlı işlərə qısa zamanda başlanılması barədə də tapşırıq verilib.