Qazaxıstanın Xarici İşlər Nazirliyi ölkədəki hadisələrlə bağlı bəyanat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bəyanatda deyilir:
"Manqistau vilayətində və ölkənin bütün iri şəhərlərində dinc mitinqlər keçirilib. Aksiya iştirakçılarının tələbləri tam təmin edilib. Lakin terrorçu, ekstremist və cinayətkar qruplar bu vəziyyətdən gərginliyi və zorakılığı artırmaq üçün sui-istifadə ediblər. Bununla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib.
Almatıda və ölkənin bir sıra digər bölgələrində baş verən hadisələrin göstərdiyi kimi, Qazaxıstan xaricdə təlim keçmiş, yaxşı əlaqələndirilmiş terrorçu qrupların silahlı təcavüzünə məruz qalıb. İlkin məlumatlara görə, hücum edənlərdən bəziləri radikal islamçı qrupların tərəfində “qaynar nöqtələr”də döyüşlərdə iştirak təcrübəsinə malikdirlər. Hazırda hüquq-mühafizə orqanları və Qazaxıstan Respublikasının Silahlı Qüvvələri bəzi xarici KİV-lərin təhrif etdiyi kimi “dinc etirazçılar” deyil, terrorçularla qarşı-qarşıyadır.
Yaranmış vəziyyətlə əlaqədar Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməli oldu və KTMT vəziyyəti sabitləşdirməyə kömək etmək üçün təxminən 2500 nəfərdən ibarət sülhməramlı qüvvə göndərdi. Sülhməramlıların mandatına strateji obyektlərin mühafizəsi və Qazaxıstan hüquq-mühafizə qüvvələrinin qorunması daxildir.
Vurğulamaq lazımdır ki, terrorçu qruplaşmalara qarşı əsas hərbi əməliyyatları hüquq-mühafizə orqanları və Qazaxıstan Silahlı Qüvvələri həyata keçirir.
KTMT-nin sülhməramlı qüvvələri müvəqqəti olaraq Qazaxıstandadırlar və vəziyyət sabitləşdikdən sonra Qazaxıstan tərəfinin ilk müraciəti əsasında ölkəni tərk edəcək.
Dinc nümayişçilər heç bir təzyiqə məruz qalmır.
Hüquq-mühafizə orqanlarına bu vəziyyətin səbəbləri ilə bağlı genişmiqyaslı araşdırma aparmaq, nəticələrini beynəlxalq ictimaiyyətə təqdim etmək tapşırılıb.
Qazaxıstan xalqının həmrəyliyini, onların dinc həyatın bərpası üçün Prezident K.Tokayevin qərar və fəaliyyətini dəstəklədiyini qeyd etmək lazımdır.
Qazaxıstan demokratiyanı və Konstitusiyanı islamçı radikallardan və terrorçulardan müdafiə etməkdə qərarlıdır!
Təəssüf ki, toqquşmalar nəticəsində həm hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbi qulluqçular, həm də mülki əhali arasında itkilər var.
Bununla əlaqədar 2022-ci il yanvarın 10-u ölkədə ümummilli matəm günü elan edilib".
Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.