Türkiyə Prezidentinin müşaviri İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Jake Sullivan arasında telefon danışığı olub. Müzakirədə Ermənistanla Türkiyə arasında normallaşma prosesinin, eləcə də Ermənistan-Azərbaycan münasibətlərində davamlı sülhün təmin edilməsinin bölgədəki sabitliyə və rifaha göstərəcəyi təsir imkanları dəyərləndirilib.
NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-ə istinadla xəbər verir ki, dövlət rəsmiləri qlobal və regional məsələləri, eləcə də Ukrayna böhranı, Qazaxıstandakı iğtişaşlar, Əfqanıstandakı vəziyyət və digər mühüm məsələlər ətrafında müzakirələr aparıblar.
Tərəflər, həmçinin Türkiyə ilə ABŞ arasında razılaşdırılmış ortaq strateji mexanizmin detalları və mövzularını da müzakirə ediblər.
Türkiyənin Balkanlar, Qafqaz bölgəsi, Yaxın Şərq, Orta Asiya və Afrikada sülh və sabitliyin qorunmasında qərarlı olduğu diqqətə çatdırılıb. Eyni zamanda Qazaxıstandakı hadisələrin dərhal sakitləşməsinin bölgədə sabitlik və rahatlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb, Türk Dövlətləri Təşkilatının bu məsələdəki səyləri yüksək qiymətləndirilib.
Ukrayna böhranının danışıqlar və əməkdaşlıq yolu ilə həllinin vacibliyi və Türkiyənin bu məsələdə hərtərəfli kömək göstərməyə hazır olduğu ifadə edilib. Türkiyənin Ukraynanın ərazi bütövlüyünün qorunmasına əhəmiyyət verdiyi qeyd olunub.