Artıq bir neçə gündür Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir çox fəsadlara səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin İstanbul və Kırklareli vilayətlərində əsən güclü külək səbəbindən xeyli sayda binanın dam örtüyü uçub, bəzi iş yerlərində binaların pəncərələri qırılıb. Dam örtüklərinin uçması nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Güclü külək İstanbulun bəzi bölgələrində ağacları kökündən çıxarıb.
Türkiyənin Bursa vilayətində də analoji vəziyyət müşahidə edilir. Bursa-İstanbul dəniz səfərləri müvəqqəti təxirə salınıb.
Muğla vilayətində yağan şiddətli yağış nəticəsində bir sıra ev, çadır və əkin sahələrini su basıb, bəzi yollar ehtiyat tədbiri olaraq bağlanıb. Müxtəlif bölgələrdə vətəndaşların evlərini müvəqqəti tərk etmələri barədə xəbərdarlıq olunub.
Ölkə ərazisində əlverişsiz hava şəraiti səbəbindən Denizli, Konya, Çanaqqala və Kırklareli vilayətlərindəki məktəblərdə dərslər 1 gün ərzində dayandırılıb.