Niderlandın fayl ötürülməsi xidməti - “WeTransfer” səhmlərinin ilkin kütləvi tədavülü (İPO) üçün paytaxt Amsterdamdakı "Euronext" fond birjasına müraciət edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi “Reuters” agentliyinə istinadən xəbər verir ki, şirkət səhmlərini satmaqla 160 milyon avro vəsait cəlb etmək istəyir.
Bununla “WeTransfer” əlavə investisiya qoyuluşu həyata keçirəcək, marketinq və işçi heyəti ilə bağlı xərclərini ödəyəcək.
Emissiyanın qlobal koordinatorları ABŞ-ın “Morgan Stanley” və “BofA Securities” investisiya bankları, əsas anderrayterləri isə Niderlandın "ABN Amro” bankı və Böyük Britaniyanın “Barclays Bank”ıdır.
"WeTransfer" xidmətlərindən hər ay 87 milyon nəfər istifadə edir. 2021-ci ilin yekununda şirkətin əməliyyat gəlirlərinin təxminən 100 milyon avro və yaxud 114 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.