Azərbaycanın Ermənistana zərbələrini davam etdirməsi üçün əlverişli şərait yaradılıb. Cəmiyyət hərbi-siyasi rəhbərliyə inanmır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “faktinfo.am” nəşrinə açıqlamasında hərbi ekspert Van Hambarsumyan son günlər Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliyi şərh edərkən deyib.
“Azərbaycanlılar mümkün qədər üzə çıxmaq istəyirlər ki, bu da sürünən müharibə adlanır”,- deyən ekspert II Qarabağ müharibəsinin əldə olunan nəticələrini başa çatdırmaqda israrlı olan Azərbaycanın strateji məqsədinin “Zəngəzur dəhlizinə nəzarəti ələ almaqdan” ibarət olduğunu vurğulayır.
Yeni müharibə riskinin Ermənistan üçün ölümcül nəticələnəcəyini ifadə edən hərbi ekspert bu proqnoz üçün əsas kimi II Qarabağ müharibəsinin yaratdığı real mənzərəni təsvir edir: “Ötən müharibədə Ermənistan Silahlı Qüvvələri elə itkilər verib ki, döyüş qabiliyyətindən söhbət gedə bilməz. Bundan başqa, xüsusilə hərbi çağırış yaşında övladları olanlar arasında ciddi mühacirət var”.
Açıqlamasını Azərbaycan ordusunda intensiv modernləşmə və yeni hərbi birləşmələrin yaradılması barədə fikirlərlə davam etdirən Van Hambarsumyan bədbinliyə əsas verən bu faktorları göstərir: “Azərbaycan öz ordusunu ən yaxşı hərbi texnika ilə təchiz etməkdə davam edir, Ermənistan hakimiyyəti isə ancaq mükafat paylamaqla məşğuldur”.
“Ermənistan ordusu artıq Azərbaycan Silahlı Qüvvələrinə çatmayacaq”, - qənaətinə gələn ekspert “alternativ müdafiə sistemi kimi Rusiya ilə əməkdaşlığın möhkəmlənməsini” ən optimal variant kimi gördüyünü deyir.