Ermənistanda müharibədə həlak olmuş hərbçilərin qalıqlarının zirzəmiyə atılmasına görə heç kim məsuliyyət daşımayacaq

A- A A+

Ermənistanda 44 günlük müharibədə həlak olmuş əsgərlərin cəsədlərini və qalıqlarını zirzəmiyə atmağa görə heç kim məsuliyyət daşımayacaq. Bu ölkənin İstintaq Komitəsi hərbçi meyitlərinin zirzəmidə saxlanılmasının normal olduğu qənaətinə gəlib və cinayət işinə xitam verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri İkinci Qarabağ müharibəsində məhv edilsələr də, adları itkin düşənlərin siyahısında yer alan, sonradan qalıqları tapılaraq Ermənistana aparılan hərbçilərdən birinin yaxın qohumu Arsen Quqasyan “iravunk.com” saytına müsahibəsində ifadə edib.

Hərbçilərin yaxınları adından danışan Arsen Quqasyan əminliklə bildirib ki, bununla bağlı cinayət işinin başlanması iyrənc hadisəyə görə məsuliyyət daşıyan şəxslərin əməllərinə hüquqi qiymət vermək yox, yalnız ictimai narazılığı azaltmaq məqsədi daşıyıb.

“Biz Azərbaycan tərəfinin göstərmədiyi münasibəti Ermənistanda gördük. Abovyan meyitxanasında baş verənlərə görə cinayətkarların cavab verməsini tələb edirik, hüquq-mühafizə orqanlarının bu məsələdə geri çəkilməyə haqqı yoxdur. Bu məsələdə də geri çəkilsək, boynumuza kəndir keçirməliyik”, - deyən Quqasyan ölkə miqyasında etiraz hərəkatlarına başlayacaqlarının anonsunu verib.

Qeyd edək ki, 2021-ci il dekabrın 31-də erməni hərbçilərinin qalıqlarının Abovyan şəhərindəki meyitxananın zirzəmisində saxlandığı barədə informasiya geniş ictimaiyyətə məlum olub. Ermənistan Səhiyyə Nazirliyi ictimailəşən faktı etiraf etməkdən başqa yol qalmadığına görə DNK testindən keçirilən qalıqların yaxınları tərəfindən dəfn edilmək üçün aparılmasını gözlədiklərini bildirdi. Ardınca isə Məhkəmə Tibbi Elmi-Praktiki Mərkəzi Abovyan şöbəsinin müdirinin və iki əməkdaşının işdən çıxarıldığı elan edildi. Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsi üzrə cinayət işinin açıldığı barədə məlumat verildi. Sonra məlum olub ki, işdə cinayət tərkibi olmadığı üçün prokurorluqda cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: