Maltalı deputat Roberta Metsola dünən Avropa Parlamentinin sədri vəzifəsinə seçilib. Avropa İttifaqı Parlamentinin son 23 ildə ilk qadın sədri olan Roberta Metsola barədə nə məlumdur?
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu siyasətçi ilk dəfə 2013-cü ildə Avropa Parlamentinə deputat seçiləndən sonra məşhurlaşıb. Maltada deputat kürsüsü tutmuş ilk qadınlardan biri olmuş Metsola 2014-cü ildə rekord sayda səs toplayaraq yenidən Avropa Parlamentinə seçildi. Daha sonra Avropa Parlamenti sədrinin müavini vəzifəsini tutan Metsola dünən daha bir pillə ucalaraq Avropa Parlamentinin yeni sədri oldu. Onlayn rejimdə keçirilmiş dünənki səsvermədə 690 deputatdan 458-i onun namizədliyini dəstəkləyib.
Məlumat üçün bildirək ki, Avropa Parlamentinin sədri vəzifəsinə Metsolanın namizədliyi “Avropa Xalq partiyası” fraksiyası tərəfindən irəli sürülüb. 1999-cu ildən bəri həmin strukturun ilk qadın spikeri bu vəzifədə David Sassolini əvəz edəcək.
2019-cu il iyulun əvvəlində Avropa Parlamentinin sədri vəzifəsinə seçilmiş Sassoli keçən il dekabrın 26-dan İtaliya xəstəxanasında müalicə olunurdu. Sassoli bu il yanvarın 11-də İtaliyada həyatının 66-cı ilində onkoloji xəstəlik nəticəsində vəfat edib. Avropa Parlamentinin yeni sədri vəzifəsinə seçkilər bu il yanvarın ortalarında keçirilməli idi. Artıq o vaxt gözlənilirdi ki, Sassoli həmin seçkilərdə iştirak etməyəcək.