Dünyada koronavirusun “omikron”dan daha təhlükəli yeni ştamı yarana bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Baş Assambleyasında belə bir bəyanatla çıxış edib.
Pandemiya barədə söhbət açan Antonio Quterreş qlobal vaksinlənmənin zəruri olduğunu qeyd edib. O bildirib ki, vaksinlənmənin sürəti qarşıya qoyulmuş hədəflərdən geri qalır. Gəlirləri yüksək olan dövlətlərdə vaksinlənmə sürəti Afrika ölkələri ilə müqayisədə 7 dəfə yüksəkdir. Onun sözlərinə görə, vaksinlənmə bu sürətlə davam etsə, Afrikada əhalinin 70 faizinin vaksinlənməsi göstəricisi yalnız 2024-cü ilin avqust ayında əldə edilə bilər.
Baş katib deyib: “Elm sübut edib ki, vaksinlər insanların həyatını xilas edir, lakin vaksinlərin paylanması hiddətləndirici dərəcədə qeyri-bərabərdir. Virusun “meşə yanğını” sürəti ilə yayılması əvəzinə, vaksinin “meşə yanğını” sürəti ilə yayılmasına nail olmaq lazımdır. Bütün ölkələr və bütün vaksin istehsalçıları COVAX layihəsi çərçivəsində vaksin tədarükünə diqqət yetirməli və buna imkanı olan ölkələrdə testlər, vaksinlər istehsalı və müalicə metodlarının tətbiqi üçün şərait yaratmalıdırlar”.