Türkiyə və İsrail xarici işlər nazirləri 13 ildən sonra ilk dəfə bir-biri ilə telefonla danışıblar.
NUHÇIXAN İnformasiya Agentliyi “Yerusəlim Post”a istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı İsrailin xarici işlər naziri Yair Lapidə zəng edib. Bu, son 13 ildə ölkələrin yüksək səviyyəli diplomatları arasında ilk zəng olub. İsrail tərəfindən verilən məlumata görə, Çavuşoğlu COVID-19 testinin nəticəsi müsbət çıxan Lapidə şəfa diləyib.
Bu zəng iki ölkə arasında son zamanlar qarşılıqlı dostluq mesajlarının verilməsi fonunda baş tutub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında İsrail prezidenti İsaak Hersoqla görüşə biləcəyini xatırladıb və bildirib ki, Baş nazir Naftali Bennet bununla bağlı “müxtəlif səviyyələrdə mesajlar verir”.