Ötən il Ermənistanda qeydə alınan cinayətlər 2020-ci ilin cinayət statistikası ilə müqayisədə 14,3 % artıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatları Ermənistan Polisi rəhbərinin birinci müavini Aram Hovannisyan təqdim edib.
Polisin əməliyyat fəaliyyəti ilə bağlı hesabatına əsasən, ölkədə qeydə alınan cinayətlərin ümumi sayı 14,3 % və ya 3 777 fakt (2021-ci ildə 30 245, 2020-ci ildə 26 468 fakt) artıb. Bu, əsasən, oğurluq hallarının sayının – 1 695, yol hərəkəti qaydalarının pozulmasının - 188, dələduzluq hallarının 127, o cümlədən latent hesab edilən narkotiklərlə əlaqəli cinayətlərin - 318 faktın artması ilə əlaqədardır.
Məlumata görə, qeydə alınmış 30,2 minə yaxın cinayətin müvafiq olaraq 57,7 faizi və 26,4 faizi ağır olmayan və orta dərəcəli cinayətlərin payına düşür.
Xüsusilə qətl, cinsi zorakılıq, oğurluq, quldurluq, dələduzluq, kompüter və nəqliyyat vasitələrinin oğurluğu və yol hərəkəti qaydalarının pozulması halları artıb.