Ermənistanda keçmiş qondarma rejimin zabitinə qarşı cinayət işi açılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, "Müdafiə ordusu"nda komandir olmuş polkovnik V.İ. Ermənistan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunub.
İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə yüksək rütbəli zabit barəsində Cinayət Məcəlləsinin 364-cü maddəsinin 3-cü bəndi (hərbi xidmət vəzifələrini yerinə yetirməkdən boyun qaçırma) və 376-cı maddəsinin 1-ci bəndi ilə iş başlanıb. İstintaq müəyyən edib ki, 2020-ci il oktyabrın 10-13-də Qarabağda gedən döyüşlər zamanı polkovnik alay komandiri vəzifəsini yerinə yetirməkdən imtina edib. Bu isə alayın fəaliyyətinin dayandırılmasına səbəb olub,-yerli media yazıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistan hələ də fərarilərin olması barədə məlumatlar yayır, döyüşlərdən yayınanları aşkarlayaraq onlara qarşı cinayət işləri açır.