Ermənistanda Tavuş rayonunun Koqb kəndindən olan çağırışçı, 18 yaşlı əsgər Norik Mkrtçyan ötən ilin mayında Vardenis rayonunda itkin düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi “Hraparak”a istinadən xəbər verir ki, itkin əsgər haqqında indiyə kimi heç bir məlumatın olmaması ictimaiyyətdə böyük narazılıq yaradıb.
“Hraparak” yazır ki, dünən 33 yaşlı müqaviləli əsgər Vahe Manukyanın da iki ay yarımdır itkin düşdüyü barədə məlumat yayılıb.
Müdafiə Nazirliyi isə insidentlə bağlı səssiz qalıb.
Qəzet bildirir ki, olayı parlamentin “Mənim şərəfim var” fraksiyasının üzvü Tiqran Abrahamyan Facebook səhifəsində ictimailəşdirib.
Deputatın Müdafiə Nazirliyinə ünvanladığı suallara belə cavab verilib: faktla bağlı Cinayət Məcəlləsinin 361-ci maddəsinin 1-ci (fərarilik - hərbi xidmətdən yayınmaq məqsədilə hərbi hissəni və ya xidmət yerini könüllü tərk etmə, habelə eyni məqsədlə gəlməmə) maddəsi ilə cinayət işi başlanıb.
İtkin əsgər Vahe Manukyanın həyat yoldaşı Liana Meliksetyan isə qəzetə ərinin fərarilik etdiyi barədə iddialarla razılaşmadığını bildirib. O deyib ki, Vahe Manukyan noyabrın 12-də səhər saatlarında müqaviləli əsgər kimi 15 gün davam edən növbəyə çıxıb. Bu, onun son gedişi olub.
"Niyə qaçmalı idi? Uşaqları saxlamaq və kreditləri ödəmək üçün xidməti davam etdirmək niyyətində idi. Yaşadığımız şəhərdə normal iş yoxdur. O, 180-200 min dram alırdı, niyə fərarilik etsin?”,- deyə Liana Meliksetyan “Hraparak”a bildirib.
Onun 4, 6, 7 yaşlı üç azyaşlı övladı var. Sonuncu dəfə əri döyüş meydanına çıxmazdan əvvəl onunla telefonla danışıb.
Liana Meliksetyan düşünür ki, əri ya əsir götürülüb, ya da öldürülüb, amma o, niyə Müdafiə Nazirliyinin bu barədə hələ də danışmadığını və ərinin niyə fərarilik etdiyini bilmir.
Qadın öz təşəbbüsü ilə Qırmızı Xaç Cəmiyyətinə müraciət edərək, Vahe Manukyanla bağlı hər hansı məlumat almağa çalışıb. “Mən məlumatı Qırmızı Xaça ötürdüm. Dedilər ki, məlumat Bakıya göndərilib, sonra dedilər ki, belə adda adam yoxdur. İndi bilmirəm, nə olacaq. Heç kim mənə düz demir”, - deyə qadın şikayətlənib.