Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yoxsul ölkələrin təminatı üçün koronavirusa qarşı peyvənd patentlərinə dair mübahisələrə son qoyulacağına ümid edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gələn həftə tərəfləri qane edən güzəştli həll variantı qəbul edilə bilər. Bu barədə təşkilatın rəhbəri Nqozi Okonyo-İveala danışıb. Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrə texnologiyaların transferi və əqli mülkiyyət məhsullarına çıxış imkanı asanlaşdırılacaq. Bu addımla bərabər innovasiya və tədqiqatlara dair müəllif hüquqlarının qorunması təmin olunacaq.
Qeyd edilib ki, əqli mülkiyyətin qorunmasının prioritet olması ehtiyacı olan ölkələrin peyvənd maddələrinə çıxış qarşısında sədd olmamalıdır. Ötən ilin oktyabr ayında ÜTT çərçivəsində Hindistan və Cənubi Afrika Respublikası koronavirusa qarşı peyvənd maddələri üzərində patent hüququnun müvəqqəti ləğv edilməsini, bu yolla inkişaf etməkdə olan ölkələrdə peyvənd istehsalını artırmağı və peyvəndlərin dünyada qeyri-ədalətli paylanmasını aradan qaldırmağı təklif etmişdilər. Həmin vaxtdan ÜTT üzv ölkələri arasında bu mövzuda müzakirələr aparılır. Əczaçılıq konsernləri və onların yerləşdiyi ölkələr müzakirələrdə iddia edirlər ki, patentlərin qorunması peyvənd istehsalının artırılması üçün əsas maneə deyil.