Qırğızıstan Tacikistanla sərhəddən əlavə qüvvələrin və hərbi texnikanın geri çəkilməsi prosesini başa çatdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi Qırğızıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
“Qırğızıstan tərəfi əlavə qüvvələrin və vasitələrin sərhəd xəttindən geri çəkilərək daimi dislokasiya məntəqələrinə yerləşdirilməsi prosesini başa çatdırıb”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, hazırda dövlət sərhədinin Qırğızıstan-Tacikistan sahəsində vəziyyət sabitdir.
Xatırladaq ki, yanvarın 27-də Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib. Sərhəddə gərginlik Qırğızıstanın Batken və İsfan şəhərlərini birləşdirən yolun Düşənbə tərəfindən birtərəfli qaydada bağlanması fonunda yaranıb.