Dubayda dünyanın ən sürətli və bahalı təcili yardım maşını təqdim edilib - FOTOLAR
“Ekspo Dubay 2020” sərgisində dünyanın ən sürətli və bahalı təcili yardım maşını nümayiş etdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Hypersport Responder” adı verilmiş bu avtomobil Hollivudun məşhur “Fast and Furious” filmindəki “Lukan Hypersport” modelinin daha mükəmməl formasıdır və təcili yardım məqsədilə istifadə olunacaq.
Rəsmi “Emirates” agentliyinin məlumatına görə, 3,5 milyon dollara satılacaq avtomobil hər 2,8 saniyədə bir sürəti saatda 100 kilometrə çatdıra bilir və 400 kilometrlik məsafəni yüksək sürətlə qət edir. Avtomobilin eksteryeri də olduqca bahalı dizaynı ilə fərqlənir. Belə ki, LED faraların ətrafı 440 almaz daşından işlənmiş xətlə əhatə edilib, interyerdə isə qızıldan istifadə olunub.
Dubay Təcili Tibbi Yardım Korporasiyasının icraçı direktoru Xəlifə bin Dərray jurnalistlərə bildirib ki, onun rəhbərlik etdiyi qurumun sərəncamına veriləcək 331 ədəd “Hypersport Responder” təcili tibbi yardımın daha operativ göstərilməsini təmin edəcək.