İrandan təbii qaz nəqlini bərpa etdik, Azərbaycandan aldığımız qazın həcmini də artırdıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində ifadə edib.
Gündəlikdə duran məsələlər, eləcə də inflyasiyaya qarşı tədbirlər və havaların mürəkkəb keçməsi ilə əlaqədar ölkədə enerji resurslarına artan tələbatın ödənilməsi istiqamətində atılan addımlar barədə ümumi məlumat verən dövlət başçısı əminliklə bildirib ki, Türkiyə enerji təchizatında çoxşaxəliliyi bundan sonra da təmin edəcək.
Mövcud problemlərin qətiyyətlə həll olunacağına əminliyini ifadə edən Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan deyib: “20 ildir bu ölkənin və bu millətin əsrlərdən qalan məsələlərini biz necə çözdüksə, bugünkü sıxıntıların öhdəsindən də yenə biz gələcəyik”.
Qeyd edək ki, son günlər havaların şaxtalı keçməsi səbəbindən Türkiyədə enerjiyə olan tələbat artıb. Bundan başqa, İrandan idxal edilən qazın nəqlində yaranmış fasilə də müəyyən çətinliklərə səbəb olub. Hökumət əhaliyə ayrılan enerji təchizatında azaltmaya yol verməyib. Sənayenin təchizatı isə müəyyən limit qrafiki əsasında həyata keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, sənayeyə tətbiq olunan məhdudiyyət tədricən aradan qaldırılacaq.