Ermənistan parlamenti spikerinin müvafiq protokolu dərc olunduqdan sonra ölkə prezidenti Armen Sarkisyanın səlahiyyətləri rəsmən dayandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müvafiq protokol Ermənistanın qanunverici orqanının saytında yerləşdirilib. Protokola əsasən, Ermənistan prezidentinin səlahiyyətləri bu gündən başa çatmış hesab olunur.
Qeyd edək ki, 2018-ci ildə prezident seçilən Armen Sarkisyan yanvarın 23-də vəzifəsindən istefa verib. O, bu addımını prezidentin istər daxili, istərsə də xarici siyasətdə vacib məsələlərə təsir etmək imkanının olmaması ilə izah edib.
Ermənistan parlamentinin reqlamentinə əsasən, vəzifəli şəxs bir həftə ərzində istefasını geri götürməsə, onun səlahiyyətlərinə xitam verilməsi barədə spiker tərəfindən imzalanan və dərc olunan protokol tərtib edilir. Protokol dərc edildiyi andan istefa qəbul edilmiş hesab olunur. Prezidentin istefasından sonra parlament 25 gündən tez və 35 gündən gec olmayaraq yeni dövlət başçısı seçməlidir. Yeni prezident seçilənə qədər dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri icra edir.