Ermənistan ordusunda qadın zabitlərlərin sayı azlıq təşkil edir, ailə quran qadınlara hərbi xidmət stajına görə güzəştlər edilmir.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan ombudsman aparatının araşdırmasında deyilir.
Ombudsman Arman Tatoyan qanunvericilikdə hərbi xidmət stajında analıq məzuniyyətinin nəzərə alınmadığını da bildirib.
O, hərbi xidməti davam etdirmək üçün uşağa 3 yaşına çatana qədər qulluq üçün məzuniyyət götürməyən qadınlara hər hansı güzəştlərin olmamasına da etiraz edib.
Digər ölkələrdə olduğu kimi hamilələrə xüsusi formanın verilməməsi, qadınların xidmət keçə biləcəyi hərbi ixtisaslar üzrə hüquqi aktların olmaması və hər iki üzvü hərbçi olan ailələrin eyni hərbi hissədə xidmət keçməsi üçün şəraitin yaradılmaması qanunvericilikdəki boşluqla əlaqələndirilib.
Ombudsman aparatı bu məsələlərlə bağlı təklifləri parlamentə və Müdafiə Nazirliyinə ünvanlayacaq.