Ermənistan Respublikasının 2021-ci ilin dövlət statistikası yoxsulluğun artım dinamikası ilə bağlı acınacaqlı rəqəmlər ortaya çıxarıb. Rəqəmlər göstərir ki, ölkədə həyat keyfiyyəti aşağı düşməkdə davam edir, eyni zamanda, yoxsulluq artır, sosial problemlər kəskinləşir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ARF İqtisadi Araşdırmalar Bürosunun proqram koordinatoru Tadevos Avetisyan özünün təhlili məqaləsində yazıb.
Proqram koordinatorunun bədbin qənaətinə səbəb Ermənistanın 2021-ci il üçün ilkin sosial-iqtisadi göstəricilərində əksini tapan rəqəmlərdir. Məlum olub ki, bu ölkədə rəqəmlər vətəndaşların nəzərəçarpan hissəsinin minimum əməkhaqqı ilə işlədiyini göstərir. Həmçinin məlum olub ki, 2021-ci ildə minimum əməkhaqqı, həmçinin dövlət qulluqçularının əməkhaqqı artmayıb, minimum istehlak səbətinin adambaşına düşən aylıq dəyəri isə 21,7 faizə yaxın artıb. O cümlədən 2021-ci ildə minimum aylıq əməkhaqqı 68 min dram (482,78 dram 1 ABŞ dollarıdır), adambaşına düşən minimum istehlak səbətinin aylıq dəyəri isə təxminən 73,4 min dram təşkil edib.
2022-ci ildə minimum əməkhaqqı, baza pensiyaları, bir il xidmət stajı, sosial müavinətlərin baza məbləği artmayacaq. Amma təkcə 2021-ci ildə istehlak qiymətlərində 7,2, ərzaq məhsullarının orta qiymətlərində 11,5, minimum istehlak səbətinin aylıq dəyərində təxminən 21,5 faiz artım var. 2021-ci ildə Ermənistan vətəndaşları COVID-19 pandemiyası səbəbindən kütləvi və əsassız iqtisadi məhdudiyyətlərə məruz qalıb. Eyni zamanda, 2019-cu illə müqayisədə 2020-ci ildə yoxsulluğun orta səviyyəsi təxminən 0,6 faiz artıb, bu rəqəmlərin 2022-ci ildə də artacağı gözlənilir. Görünən odur ki, bu il Ermənistan vətəndaşlarının yaşayışı ötənilkindən daha ağır olacaq.