Avropa dağ silsilələrində aparılan iki tədqiqat dünyanın Antarktida, Arktika və ya Everest dağı kimi uzaq regionlarında plastik kütlənin mövcudluğunu izah etməyə şərait yaradır.
İsveçrə Materialşünaslıq və texnologiya federal laboratoriyasından (EMPA) olan alimlər Alp dağlarında, Hoyer Zonnblik dağının dəniz səviyyəsindən 3106 metr yüksəklikdə yerləşən zirvəsində, Hündür Tauern (Hohe Tauern) Avstriya Milli Parkında tədqiqat aparıblar. Burada 1886-cı ildən Mərkəzi Meteorologiya və Geodinamika İnstitutunun rəsədxanası yerləşir. Hər gün səhər 8.00-da alimlər qarın üst təbəqəsini təhlil üçün götürüblər. Bundan ötrü onlar mass-spektrometriyanın yeni üsulundan istifadə ediblər. Bu üsul alimləri maraqlandıran molekulları onların çəkisini ölçmək yolu ilə tapmaq və eyniləşdirmək, həmçinin onların kimyəvi strukturunun xarakteristikasını müəyyən etmək imkanı verir.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə “Higtech” saytına istinadla xəbər verir.
Onlar külək və hava haqqında məlumatlardan istifadə edərək, bu nanozərrəciklərin yaranmasını izləyiblər. Daha çox tullantı əhalisi sıx olan şəhərlərdə əmələ gəlir. Dağların zirvələrində aşkarlanan plastik kütlənin 30 faizi 200 kilometr radiusda yerləşən şəhərlərdən gəlir. Yerdə qalan 70 faiz zərrəciklər okeanlarda dalğa çiləməsi vasitəsilə havada yayılır. Onlardan təqribən 10 faizi dağlara enməzdən əvvəl külək və hava şəraiti sayəsində 2000 kilometrdən artıq yol qət edirlər.
Hoyer Zonnblikdə aşkarlanan nanoplastik kütlə sayəsində tədqiqatçılar İsveçrədə bu zərrəciklərin miqdarını dəyərləndirə biliblər. Hər il bu ölkədə 43 milyard xırda plastik zərrəcik çökür ki, bu da təqribən 3000 ton təşkil edir.
Alp dağları plastik kütlənin tapıldığı yeganə Avropa dağ silsiləsi deyil, Pireney dağlarında da plastik kütlə aşkarlanıb. Qrenobldan olan tədqiqatçılar qrupu 2877 metr yüksəklikdə Pik-dyu-Midi rəsədxanasından müşahidələr aparıb. Alimlər məhz burada həftədə 10 min kubmetr havanı sovurmaq qabiliyyətinə malik nasos quraşdırmağı qərara alıblar. Komanda təhlil apararaq havada mikroplastik kütlənin, xüsusən polistirol və ya polietilen kimi polimerlərin mövcudluğu barədə qənaətə gəlib.
Alimlərin dəyərləndirməsinə görə, bu günədək bütün dünyada 8300 milyon tondan çox plastik kütlə istehsal edilib, onların təqribən 60 faizi hazırda tullantıdır.
“Plastik kütlə aşınma və mexaniki sürtülmə səbəbindən parçalanaraq, makrozərrəciklərdən mikrozərrəciklərə, daha sonra nanozərrəciklərə çevrilir. Nanozərrəciklər tənəffüs zamanı ağciyərlərin dərinliyinə hopur ki, orada da onların ölçüsü hemato-hüceyrə maneəsini adlamağa və insanın qan dövranına düşməyə imkan verir. Bu zərrəciklərin sağlamlığa təsiri hazırda naməlum olaraq qalmaqdadır”, - deyə alimlər izah edirlər.