İtaliya istehsalı olan yeni nəsil “Cosmo-SkyMed CSG FM2” peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodromundan “SpaceX Falcon 9” daşıyıcısı vasitəsilə orbitə buraxılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano deyib. O bildirib ki, “Leonardo”, “Thales Alenia Space” və “Telespazio” şirkətlərindən ibarət müştərək müəssisənin istehsalı olan “Cosmo-SkyMed”in ikinci nəsil peyki İtaliya Kosmik Agentliyi (ASI), Universitet və Tədqiqatlar Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən ayrılan vəsaitlə maliyyələşdirilib. Peyk hazırda “Telespazio”nun “Fucino” Kosmik Mərkəzi tərəfindən idarə edilir.
Manlio Di Stefano fəzada olan “Cosmo-SkyMed”in hər iki peykinin həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunacağını deyib. Qeyd edib ki, həmin peyklər sürüşmə və daşqınların proqnozlaşdırılmasına, zəlzələ və ya yanğınlar zamanı yardım tədbirlərinin əlaqələndirilməsinə və böhranlı ərazilərin monitorinqinə xidmət edəcək. Hazırda İtaliyanın orbitdə 6 peyki var və tezliklə onların sayı 8-ə çatacaq.