44 günlük müharibədə ordumuz tərəfindən darmadağın edilən Ermənistan ordusunun tərkibində separatçı quruma aid dəstələr də var idi.
Məlumdur ki, müharibədən sonra uzun illər ermənilərin “Qarabağ müdafiə ordusu” adlandırdıqları qondarma hərbi dəstədən demək olar, əsər-əlamət qalmayıb və bunu artıq ermənilər özləri də etiraf edirlər.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu mövzuyla bağlı Ermənistan Konstitusiya Məhkəməsinin sabiq aparat rəhbəri Edqar Kazaryan özünün sosial şəbəkə səhifəsində paylaşım edərək, həyəcan təbili çalıb.
O, deyib ki, bir vaxtlar ermənilərin fəxr etdikləri “Qarabağ müdafiə ordusu” faktiki olaraq buraxılıb və ondan tezliklə əsər-əlamət qalmayacaq: “Yanvarın 31-də 2021-2022-ci ilin qış çağırışı başa çatıb. Bu, 2020-ci ildəki dağıdıcı müharibədən sonra üçüncü çağırış oldu. Hər çağırışda xidmət müddəti başa çatan əsgərlərin tərxis olunması həyata keçirilir. Faktiki olaraq, üçüncü dəfədir ki, “Qarabağ müdafiə ordusu”ndan əsgərlər tərxis olunur, lakin onların yeri yeni çağırışçılarla doldurulmur. “Qarabağ müdafiə ordusu” faktiki olaraq buraxılır...”
Bütün baş verənlərə görə Nikol Paşinyanı günahlandıran Kazaryan onun “Qarabağdan birdəfəlik imtina etmək və Ermənistanı dağıtmaq” fikrində olduğunu yazıb.
Təbii ki, müharibədən sonra məlum səbəblərdən Ermənistan siyasi elitasında bu cür isterik açıqlamalar verənlər çoxalıb. Lakin Kazaryan və digərləri yaxşı bilirlər ki, zatən 44 günlük müharibədən sonra nəinki separatçı qurumun qanunsuz hərbi dəstələri, bütünlükdə erməni ordusu darmadağın edilib.
Odur ki, bu dəstələrin bərpasına dair çağırışların da elə bir əhəmiyyəti yoxdur və bu, mümkün də deyil. Lakin burada bir məqam diqqəti daha çox cəlb edir. Belə çıxır ki, doğrudan da artıq Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə hərbi xidmət yaşına çatan ermənilərin qanunsuz hərbi birləşmələrə çağırışı dayandırılıb.