Ermənistanın dövlət borcu “qırmızı xətti” keçib

A- A A+

2021-ci ilin sonunda Ermənistanın dövlət borcu il ərzində 1 milyard 257 milyon dollar və ya 15,8 faiz artaraq 9 milyard 226 milyon ABŞ dolları təşkil edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistan iqtisadiyyatının düşdüyü bu acınacaqlı vəziyyət “hetq.am” nəşrinin analitik yazısında göstərilib.

Rəsmi statistik məlumatlar əsasında hazırlanan yazıda iddia edilir ki, xarici borc strukturunda hökumətin borcu 6 milyard 185 milyon dollar təşkil edir və ötən bir il ərzində bu məbləğ 585 milyon dollar və ya 10,5 faiz artıb. Xarici borcun bir hissəsi - təxminən 458 milyon dollar Ermənistan Respublikası Mərkəzi Bankının payına düşür ki, bu da il ərzində 0,5 faiz azalma deməkdir.

Ümumilikdə isə 2021-ci ilin sonuna daxili dövlət borcu 2 milyard 583 milyon dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 674 milyon dollar və ya 35,3 faiz çoxdur. Daxili borclar əsasən rezidentlər tərəfindən dövlət xəzinə istiqrazlarının alınması hesabına formalaşır.

Büdcədə nəzərdə tutulan xərcləri həyata keçirmək üçün Ermənistan hökuməti vaxtaşırı xarici dövlətlərdən və təşkilatlardan borc alır, lakin vergi ayırmaları və digər daxil olan məbləğlər kifayət etmir. Vaxtaşırı yaranan sosial və iqtisadi şok vəziyyətlər nəticəsində borcların cəlb edilməsi daha geniş vüsət alır. Bu baxımdan son on ildə Ermənistanın dövlət borcu iki dəfə artaraq ölkə iqtisadiyyatı və vətəndaşları üçün böyük yükə çevrilib. Eyni zamanda, son on ildə bu ölkənin xarici borcu təxminən iki dəfə, daxili borcu isə beş dəfə artıb.

Nəşr onu da xatırladır ki, Ermənistanın dövlət borcunun strukturunda daxili borcun çəkisini artırmaq niyyətini əvvəlki hökumət elan etmişdi və bu tendensiya 2016-cı ildən bəri diqqəti cəlb edən mənzərədir.

Maliyyə Nazirliyinin məlumatına görə, 2012-ci ildə Ermənistanın dövlət büdcəsindən yalnız dövlət borcunun faizlərini ödəmək üçün 180,8 milyard dram ayrılıb. Ümumi məbləğin 108,3 milyard dramı daxili borcun faizlərinin ödənilməsinə, 72,5 milyard dramı isə xarici borcun faizlərinin ödənilməsinə yönəldilib.

Borca görə faizlərə ayrılan məbləğ 16,1 milyard dram və ya 2020-ci illə müqayisədə 8,9 faiz çox olub.

Dövlət borcunun artması ilə paralel olaraq faiz dərəcələri də hər il artır.

2021-ci ilin sonundakı məlumatlara görə, hökumətin borcu ÜDM-in 60,8 faizini təşkil edəcək. 2020-ci ilin göstəricisi ilə - 63,5 faizlə müqayisə etsək, bu, 2,7 faiz azdır.

2020-ci ildən Ermənistan hökumətinin dövlət borcu “qırmızı xətti” keçib, yəni ÜDM-in 60 faizini keçib ki, bu da fiskal siyasətin qızıl qaydasının pozulması deməkdir.

Buna görə də 2021-2022-ci illər üçün büdcəni planlaşdırarkən hökumət borcun ÜDM-ə nisbətini tədricən azaltmağı öhdəsinə götürüb, lakin ekspertlərin proqnozuna görə, 2022-ci ildə bunun 60,2 faizdən az olmayacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: