İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistan hələ də hərbi-siyasi böhranla əlləşir. Kapitulyasiyadan iki il keçməsinə baxmayaraq İrəvan fərarilik edən və digər hərbi cinayətlərə yol verən əsgər və zabitlərin çoxluğu səbəbindən onları cəzalandıra bilmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün yerli media kütləvi cəza mexanizmini işə salmaq istəməyən paşinyan hakimiyyətinin hərbi amnistiyaya hazırlaşması barədə xəbər yayıb. "Joğovurd” qəzeti öz mənbələrinə istinadən yazır ki, artıq bu istiqamətdə bir sıra layihələr də hazırlanıb.
Ermənistanda Azərbaycan ərazilərində döyüş əməliyyatlarında iştirak etmiş hərbçilərin amnistiyaya salınması ilə bağlı müzakirələr yenidən başlayıb. Bundan öncə Ədliyyə Nazirliyi və İstintaq Komitəsi Qarabağda hərbi əməliyyatların iştirakçıları, 2020-ci il sentyabrın 27-dək törədilmiş (ağır olmayan) cinayətlərə görə təqsirləndirilən, şübhəli bilinən və ya artıq məhkum olunmuş şəxslərin əfv edilməsini təklif edən amnistiya layihəsini təqdim edib. Layihədə hərbi vəziyyətin ləğv edildiyi 2020-ci il noyabrın 9-dan 2021-ci il martın 24-dək olan müddətdə hərbi xidmətlə bağlı cinayətlər törətmiş və ya törətməkdə şübhəli bilinən şəxslərə də amnistiya verilməsi nəzərdə tutulur,- məqalədə yazılıb.
Qeyd edilir ki, hüquq-mühafizə sisteminin nümayəndələri əfvdə israrlıdırlar.
Çünki cinayət işlərinin sayını azaltmaq lazımdır. Məhz bu səbəbdən layihə üzərində son tamamlanma işləri gedir və onun tezliklə Ədliyyə Nazirliyinin qanun layihələri portalında dərc olunması real görünür,-nəşr yazıb.
Qeyd edək ki, İrəvanda uzun müddətdir ki, bəzi ictimai fəallar və siyasətçilər amnistiyaya düşə biləcək şəxslərin dairəsinin genişləndirilməsi və ya növbəti amnistiya elan edilməsini təklif edirlər. Bu təkliflərin qəbul edilib-edilmədiyi hələlik məlum deyil. Eyni zamanda, vaxtaşırı erməni mətbuatında hakimiyyətin böyük amnistiya həyata keçirmək və məhkumların üçdə birini azad etmək niyyətinin olması barədə məlumatlar da dərc olunur.
Xatırladaq ki, Ermənistanda sonuncu dəfə 2018-ci ildə amnistiya elan edilib. Cəzaçəkmə müəssisələrində saxlanılan 2888 məhkumdan 270-i azad edilib, 396 məhkumun (21,5%) cəzası azaldılıb. 3850 nəfərdən 2720 nəfəri bəzi cəzalardan azad edilib (cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayıb-red.). İstintaq Komitəsi isə araşdırılan 6140 işdən mindən çoxunu bağlayıb.