Yaponiya Dövlət Təbii Elmlər İnstitutunun (RIKEN) alimləri dünyanın ən sürətli “Fuqaku” superkompüteri vasitəsilə insanların koronavirusun “omikron” ştamına yoluxması üçün lazım olan şəraiti 100 faiz dəqiqliklə hesablayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Yomiuri Shimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, əldə edilən nəticəyə görə ştamın daşıyıcısı olan şəxsin maska geyməməsi və sağlam insanla 50 santimetrdən yaxın məsafədə ünsiyyətdə olması “omikron”nun tam yoluxması üçün kifayətdir.
Qeyd edilir ki, ştamın daşıyıcısı olan şəxs maska taxdıqda onun müsahibini yoluxdurması ehtimalı söhbət bir saata yaxın davam etsə belə, 10 faizə qədər düşür.
Alimlər, həmçinin bildiriblər ki, virusa yoluxmuş şəxs maska taxmamışsa, bir metr məsafədə olsa belə 15 dəqiqədən sonra xəstəliyi həmsöhbətinə ötürmüş olur. Yox, əgər həmin şəxs maska taxmışsa, bu zaman yoluxma ehtimalı sıfıra bərabərdir.