İkinci Qarabağ müharibəsində ağır itkilərlə üzləşmiş Ermənistan ordusu hələ də normal fəaliyyətini bərpa edə bilməyib. Son iki ildə fərarilik edən, qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı da artıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu cür faktları erməni mediası ilə yanaşı, ictimai-siyasi fəallar da üzə çıxarırlar.
Təkcə bir məqamı xatırladaq ki, ötən ilin yayında qeyri-döyüş şəraitində xidmət aparan erməni hərbçilərdən birindən hələ də xəbər yoxdur. 2021-ci il fevralın 8-də hərbi xidmətə çağırılan, Basarkeçər rayonunun ərazisində xidmət aparan Koxb sakini 18 yaşlı Norik Mkrtçyan mayın 14-nə kimi xidmətdə olub. May ayından sonra naməlum şəkildə itib. 2022-ci il olmasına baxmayaraq, əsgərin anası hələ də oğlu haqqında heç bir məlumat əldə edə bilmir. Elə hərbi rəhbərliyin özü də... Çünki onun adı hərbi əsirlərin, həlak olan və ya itkin düşən əsgərlərin siyahısında yoxdur.
Maraqlısı isə budur ki, əsgərin qeybə çəkilməsini məhz sadə vətəndaşlar üzə çıxarıblar. Mkrtçyanın itkin düşməsi barədə informasiyanı ötən ilin mayında Tavuş bölgəsinin Koxb icmasının rəhbəri Arsen Aqababyan mətbuata ötürmüşdü.
"XQA Vanadzor" isə rəsmi mənbələr, eləcə də mətbuatın sorğularına cavab olaraq yayılan məlumatlara əsasən ötən il Ermənistanda və sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycanın Qarabağ ərazisində ölən hərbçilərlə bağlı maraqlı faktlar yayıb. Statistikada qeyd edilir ki, 2021-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələrində və Qarabağda 76 hərbçi həlak olub. Bu 76 ölümün müxtəlif səbəbləri var. 19 fakt "atəşkəs rejimi"nin pozulması, 17 ölüm faktı isə sağlamlıq problemləri ilə əlaqələndirilir. 15 hərbçi isə avtomobil qəzaları nəticəsində həlak olub.
Ordudakı xaosu əks etdirən hesabatda 11 qətl işi də əks olunub. Onlardan 3-ü 2 və ya daha çox şəxsi öldürmə, 4-ü hərbi xidmət qaydalarının pozulması, 2-si silahdan düzgün istifadə edilməməsi, 1-i təhlükəli hava şəraitində adam öldürmə, 1 fakt isə qəsdən qətl törətməklə bağlıdır.
- Bundan başqa 9 hal intihar etmək, 5 təbii qəza-1 ölüm qar uçqunu, 1-i isə ildırım vurması ilə əlaqələndirilir. Həmçinin bura 1 avtomobil qəzası , 1 ağac uçması və 1 qəfil ölüm halı da aiddir. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə hərbi əməliyyatlarla birbaşa əlaqəsi olmayan 100 hərbçi ölümü qeydə alınıb. Qeyd edək ki, hadisələrin əksəriyyəti, 75%-i qeyri-döyüş şəraitində baş verib ,-məqalədə yazılıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hərb sistemində ciddi xaos yaşanır. Hətta İrəvan son bir ildə bir neçə dəfə müdafiə nazirini dəyişməklə ordudakı qarışıq vəziyyəti, böhranı düzəldə bilmir. Ölkədə hələ də fərarilərin çox olması səbəbindən hərbi amnistiya elan edilmir.