ABŞ silahlı qüvvələri fevralın 3-nə keçən gecə Suriyanın şimal-qərbində antiterror əməliyyatı keçiriblər. Nəticədə “İslam dövləti” terror qruplaşmasının lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşi qətlə yetirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ Prezidenti Co Bayden bunu cümə axşamı günü bəyan edib. O deyib ki, Amerika xüsusi təyinatlıları son iki ildə Suriyanın İdlib bölgəsində İslam fundamentalistlərinə qarşı ən ciddi əməliyyat keçiriblər.
Co Bayden deyib: “Keçən gecə mənim sərəncamıma əsasən ABŞ silahlı qüvvələri Suriyanın şimal-qərbində uğurlu antiterror əməliyyatı keçiriblər. Biz İŞİD lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşini döyüş meydanında məhv etmişik”.
Suriyanın Türkiyə ilə sərhədində yerləşən Atem şəhərinə reyd zamanı öldürülənləri sayı, ilkin məlumata görə, 13 nəfərdir. “Ağ dəbilqə” təşkilatının nümayəndələrinin sözlərinə görə, şəhərin ucqar hissəsində yerləşən evə reyd nəticəsində 13 nəfər, o cümlədən 6 uşaq və 4 qadın öldürülüb. Reydə ABŞ-ın bir neçə helikopteri cəlb edilib. Reydin əsas hədəfi şəhərin ucqar bölgəsində yerləşən ikimərtəbəli ev olub. Həmin vaxt əl-Qureyşinin o evdə olduğu bildirilir.
Məlum oldu kimi, 2019-cu ilin payızında, Əbu Bəkr əl-Bağdadinin ölümündən (o da amerikalılar tərəfindən qətlə yetirilib) dərhal sonra Əbu İbrahim əl-Haşimi əl-Qureyşi “İslam dövləti”nin xəlifəsi elan edilib. ABŞ KİV-ləri şahidlərin bəyanatlarına istinadla xəbər verirlər ki, Amerika xüsusi təyinatlıları çox kəskin müqavimətlə üzləşiblər. Onlara müxtəlif silahlardan, o cümlədən qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəş açılıb.
Prezident Bayden cümə axşamı Ağ evdə çıxış edərək bildirib ki, ABŞ xüsusi təyinatlısı əl-Qureyşiyə yaxınlaşarkən o, intiharçı jiletini partladıb. Nəticədə əl-Qureyşinin ailəsinin bir neçə üzvü və binada olan başqa adamlar da məhv edilib. ABŞ Prezidenti daha sonra bildirib ki, mülki əhali arasında itkini minimuma endirmək məqsədilə pilotsuz uçuş təyyarələrindən deyil, xüsusi təyinatlılardan istifadə edilməsinə üstünlük verilib. Bayden əl-Qureyşini 2014-cü ildən bəri ABŞ-ın və onun müttəfiqlərinin qüvvələrinə hücumlar təşkil olunmasında ittiham edib.