Alp dağlarının Avstriyaya aid hissəsində baş vermiş qar uçqunu dörd nəfərin həyatına son qoyub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə Avstriyanın İsveçrə ilə həmsərhəd Tirol əyalətində (Landek rayonu) baş verib. Hadisə nəticəsində bir nəfərin itkin düşdüyü bildirilir.
Hadisə yerinə Avstriya və İsveçrə xilasediciləri, təcili yardım və təxliyə helikopterləri cəlb olunub. Qar uçqunu təhlükəsinin yüksək olması və ərazidə başqa uçqunların baş verməsi xilasedicilərin fəaliyyətini çətinləşdirib.
Rəsmi qurumlardan bildirilib ki, təkcə fevralın 4-də Tirol əyalətində 13 qar uçqunu qeydə alınıb. Uçqunların əksəriyyətində xəsarət alan olmayıb.
Qeyd edilməlidir ki, Tirol Avstriyanın əsas qış-xizək regionu sayılır, məktəblərin qış tətili ilə əlaqədar xizək pistləri və kənar ərazilərdə hərəkət çoxalıb. Hava şəraiti son günlərdə qar uçqunu təhlükəsinə səbəb olub və rəsmi qurumlar beş pilləli təhlükə şkalasının üçüncü pilləsini elan etməyə məcbur qalıblar.