Ermənistanda iki hərbçi qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, onlardan biri Vayotsdzor Qladzor icmasının sakini, müqaviləli hərbçi, 33 yaşlı Vahe Manukyandır.
Vahe Manukyan 2021-ci ilin 12 noyabrından axtarışdadır. Hərbçi həyat yoldaşı ilə telefon danışığı zamanı yoxa çıxıb. Onun itkin düşməsi faktı üzrə 10 gün sonra mövqeni icazəsiz tərk etməsi maddəsi ilə cinayət işi açılıb. Yerli KİV vurğulayıb ki, hərbi polisin belə məlumatları haradan əldə etdiyi, hərbi polis əməkdaşlarının ailəyə hansı əsasla Vahenin fərari kimi qaçması barədə məlumat verməsi bəlli deyil, çünki bununla bağlı bir nəfər də olsun şahid və müvafiq ifadə yoxdur.
Üstəlik, Vahenin yoxa çıxma şəraiti xüsusən Müdafiə Nazirliyinin onun xidmət müddətinin uzadılması ilə bağlı açıqlaması, habelə digər iddialar fonunda şübhəlidir.
Qeyd edilir ki, eyni mövqedə daha bir əsgər, 19 yaşlı Narek Mkrtçyan da itkin düşüb. Onun barəsində də eyni əsasda cinayət işi başlanıb. Uzun müddət davam edən istintaq zamanı Narekin cinayət işində heç bir şübhəli və digər təqsirləndirilən şəxslər iştirak etməyib, ittiham yalnız itkin düşən hərbçiyə qarşı irəli sürülüb.