Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın koronavirusa yoluxan Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İ.Kalın açıqlamasında həkimlərin müşahidələrinə əsasən, bir neçə gün ərzində Türkiyə Prezidentinin koronavirus testinin neqativ nəticə verəcəyinin gözlənildiyini bildirib.
Prezident Ərdoğanın həyat yoldaşı Əminə xanım da öz tvitter hesabında Türkiyə Prezidenti və özünü sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu bildirib. “COVID-19 testimiz müsbət çıxandan sonra Tayyib bəylə evdə dincəlməyə çəkilmişik, işimizi uzaqdan davam etdiririk. Şükürlər olsun ki, Rəbbimin köməyi ilə vəziyyətimiz yaxşıya doğru gedir. Sizin varlığınızı bilmək bizə güc verir”, - deyə Əminə xanım bildirib.
Türkiyə Prezidentinin xanımı bu dövr ərzində istər ölkə daxilindən, istərsə də dünyanın müxtəlif yerlərindən xoş diləklərini çatdıran hər kəsə minnətdarlığını ifadə edib.