Gürcüstan Ermənistanda istehsal olunan “Matsun” əmtəə nişanlı süd məhsulunun Rusiyaya daşınmasını qadağan edib
Gürcüstan ilə Ermənistan arasında növbəti narazılıq yaşanıb. Gürcüstan tərəfi Ermənistanda istehsal olunan “Matsun” əmtəə nişanlı süd məhsulunun (qatıq) öz ərazisi vasitəsilə Rusiyaya daşınmasını qadağan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, “matsoni” adı Gürcüstanın coğrafi göstəricisi kimi qeydiyyata alınıb. “Matsoni” gürcü qatıq qida məhsulunun adıdır. Gürcüstan bu adı özünün coğrafi göstəricisi kimi 2012-ci ildə, Avropa İttifaqı isə bu göstəricinin Gürcüstana məxsusluğunu 2014-cü ildə qeydiyyata alıb. Ermənistan isə bu adı mənimsəyib və bununla da bütün norma və prinsipləri pozub.
Ermənistan tərəfi isə iddia edir ki, ölkə hələ 2011-ci ildə “matsoni” adının qeydiyyatı ilə bağlı Avropa İttifaqı və Gürcüstanın müvafiq orqanlarına etiraz bildirsə də, bu, diqqətə alınmayıb. Qeyd olunub ki, Ermənistan hökuməti gürcü həmkarları ilə coğrafi göstəricilərin istifadəsinin dəqiqləşdirilməsi üzrə addımlar atır.
Ermənistanın süd məhsulları istehsalçıları öz növbələrində bildiriblər ki, Gürcüstan “matsoni” adını coğrafi göstərici kimi çoxdan qeydiyyata alıb və son zamanlara qədər heç bir tələb irəli sürülməyib. İndi Ermənistan istehsalçıları bu məhsulu Rusiyaya Gürcüstan üzərindən “erməni dağ yoqurtu” adı ilə ixrac etməyə məcbur olublar.
Gürcüstan tərəfi bildirir ki, Ermənistan süd istehsalçıları “sulquni”, “çuçxela” və digər gürcü məhsullarını da öz adlarına çıxarıb, dünyaya yaymağa çalışırlar.