Amerikanın özəl “SpaceX” aerokosmik kompaniyası fevralın 3-də orbitə çıxardığı 40 “Starlink” internet peykini geomaqnit fırtınası səbəbindən itirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat kompaniyanın “Twitter” səhifəsində yerləşdirilib.
“İlkin təhlil göstərdi ki, aşağı hündürlükdəki yüksək müqavimət peyklərin təhlükəsiz rejimdən çıxmasına və orbitin korreksiyasına başlamasına imkan verməyib. Qırxa yaxın peyk yer atmosferinə qayıdır və ya artıq qayıdıb”, - deyə məlumatda bildirilir.
Kompaniyada qeyd ediblər ki, geomaqnit fırtınası səbəbindən havanın müqaviməti əvvəlki buraxılışlara nisbətən 50 faiz çox olub. Mütəxəssislər mini-peykləri təhlükəsiz rejimə keçirmək üçün onların orbitdə yanpörtü yerləşdirilməsi barədə qərar qəbul ediblər ki, müqaviməti azaltsınlar. Lakin bu tədbirlər səmərə verməyib. Məlumata görə, orbitdən çıxmış aparatlar digər peyklərə təhlükə yaratmır, onlar elə layihələndirilib ki, Yer atmosferinə daxil olan zaman yansın.
Hazırda “SpaceX” orbital peyk qruplaşması hər birinin çəkisi 290 kiloqram olan iki mindən çox kosmik aparatdan ibarətdir.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” kompaniyası planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılmasına qoyulan investisiyaların ümumi həcmi 10 milyard dollardır.