Ermənistan parlamentində müxalifəti təmsil edən bloklar qarşıdakı prezident seçkilərini legitimləşdirməmək üçün nəinki prezidentliyə namizəd irəli sürmək, hətta prezident seçkilərinin müzakirəsində bu və ya digər şəkildə iştirak etmək istəmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, hakim “Vətəndaş müqaviləsi” blokundan ölkə prezidentliyinə namizədi Vaahn Xaçatryanın böyük ehtimalla martın əvvəlində prezident seçiləcək.
Müxalif “Hayastan” və “Şərəfim var” blokları iddia edirlər ki, konstitusiyada nəzərdə tutulan “qərəzsiz” prezidentliyə namizəd hələ də müxalifət bloklarına görüş təklif etməyib və bu, cənab Xaçatryanın heç də bitərəf olmadığını təsdiq edən amildir.
Bununla belə, Nikol Paşinyanın liderlik etdiyi parlament çoxluğu birinci turda öz namizədini irəli sürmək üçün müxalifətin səsinə ehtiyac duyacaqsa da, ikinci və üçüncü turlarda adi səs çoxluğu ilə məqsədə nail olacaqlarına görə müxalifətin prosesə cəlb olunmasına elə də ehtiyac duymur.